Xersones UNESCO-nun Dünya İrsi Siyahısının obyekti seçilmişdir
28.6.2013

Hazırda Sevastapolun qədim hissəsi olan Xersones Tavriçeski UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.
Təşkilatın saytında yerləşdirilmiş mətbuat üçün məlumatda deyilir: “Obyekt əsası eramızdan əvvəl V əsrdə Qara dənizin şimal sahillərində doriyalı yunanlar tərəfindən qoyulmuş qədim şəhərin xarabalıqlarından ibarətdir. Obyektə altı element, o cümlədən şəhərin özünün xarabalıqları və xora - düzbucaqlı formasında eyni ölçülü sahələrə ayrılmış və üzüm yetişdirmək üçün nəzərdə tutulmuş kənd təsərrüfatı yerləri daxildir; üzümlüklərin məhsulu ixrac edilirdi və XV əsrə qədər Xersonesin çiçəklənməsini təmin etmişdir”.
Obyektin ərazisində Daş və Tunc dövrlərinə aid yaşayış məskənlərinin xarabalıqlarına, Roma İmperiyası və Orta əsrlər dövrlərinə aid müdafiə istehkamlarına və su təchizatı sistemlərinə, habelə yaxşı vəziyyətdə qalmış üzümlüklərə və ayırıcı divarlara təsadüf edilir.
Eramızın III əsrində Qara dəniz regionunda ən uğurlu şərabçılıq mərkəzi kimi məşhur olan Xersones Yunanıstan, Roma İmperiyası, Bizans və Qara dənizin şimal sahillərində yaşayan xalqlar arasında əlaqələndirici vasitə rolunu oynayırdı.
Xersones Tavriçeski və onun xorası Ukraynanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş yeddinci obyektidir.
Bu siyahıya Sofiya kilsəsi və Kiyev-Peçora lavrası, Lvovun tarixi mərkəzi, Karpat dağlarının fıstıq meşələri, Struve geodeziya qövsü, Bukovina və Dalmatin mitropolitlərinin iqamətgahı (Çernovits Milli Universitetinin binası), Karpatın taxta kilsələri də daxildir.

Azərtac