ABŞ-ın Müstəqillik Bəyannaməsinin ilk dəfə dərc olunduğu qəzet Nyu-Yorkda satışa çıxarılacaqdır.
1776-cı il iyulun 4-də Pensilvaniya ştatının Filadelfiya şəhərində İkinci Qitə Konqresi keçirilmişdir. Konqresin yekunu kimi ABŞ-ın Müstəqillik Bəyannaməsi qəbul edilmişdir.
Yeni dövlət belə yaranmışdır.
O zaman yeni ölkənin xalqına Böyük Britaniyadan asılılığın sona çatdığını iki gün sonra-iyulun 6-da elan etmişdilər. Bəyannamənin tam mətni “Pensilvania Evening Post” qəzetində dərc olunmuşdur.
Qəzetin böyük tirajla çapdan çıxmış həmin nömrəsi bütün ölkədə, eləcə də bir çox dövlətlərdə yayılmışdır.
Hazırda tarixi qəzetin yalnız bir neçə nüsxəsi qorunub saxlanmışdır.
Onlardan biri iyunun 25-də Nyu-Yorkda Robert Sigelin “Dünya hadisələrinin raritetləri” qalereyasının 50-ci İllik Sərgisi çərçivəsində satışa çıxarılacaqdır. Tarixi sənədlərin əldə olunması, həqiqiliyinin yoxlanması və qiymətləndirilməsi sahəsində ekspert Set Keller əmindir ki, qəzetin bu nömrəsi tarixi əhəmiyyəti baxımından hətta Bəyannamənin orijinal mətnindən daha maraqlıdır.
Ekspert demişdir: “Pensilvania Evening Post” qəzetinin nömrəsi müstəqilliyin əldə olunması haqqında xəbəri ilk dəfə oxumuş sadə amerikalıların gündəlik məişət təcrübəsini əks etdirir.
Beləliklə, hərraca çıxardığımız sənəd Bəyannamənin Milli Arxivdəki əlyazmasından daha orijinaldır”.
Hərracda nadir sənədin ilkin qiyməti iki milyon dollar olmuşdur.
AzərTac