İyunun 27-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Filliqar” rok qrupunun konserti olmuşdur.
Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmişdir.
Konsertdən əvvəl qrupun üzvləri jurnalistlərə müsahibələrində Xəzər dənizinin kənarında yerləşən Bakının gözəlliyindən zövq aldıqlarını və Azərbaycanda olmalarından məmnunluqlarını söyləmişlər. Onlar konsertdə repertuarlarındakı musiqilərlə yanaşı, vaxtilə fəaliyyət göstərmiş Azərbaycanın “Yuxu” qrupu tərəfindən ifa olunan “Xəzərin sahilində” mahnısını ifa edəcəklərini bildirmişlər.
Əvvəlcə qonaq qismində “Bakı” və “5:59” yerli rok qrupları çıxış etmişlər. Onlar öz repertuarlarına daxil olan mahnıları ifa etmişlər.
Sonra amerikalı rok qrupu səhnəyə çıxmışdır.
“Filliqar” rok qrupu iyunun 25-dən iyulun 7-dək Azərbaycanda səfərdə olacaqdır.
Qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədini daşıyan “Mədəniyyət elçiləri” proqramı çərçivəsində reallaşdırılır.
“Filliqar” qrupu Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində açıq havada ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün rok üzrə bir sıra ustad dərsləri keçəcəkdir.
“Filliqar” rok qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.
“Filliqar” Amerikanın ən yaxşı rok qruplarından sayılır və onların sonuncu albomu olan “The Nerve” 2012-ci ilin müstəqil musiqi mükafatlandırmaları zamanı ilin ən yaxşı albomu seçilmişdir.
AzərTac