Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov dünən səhər saatlarında dünyasını dəyişib. Bu barədə məlumat verən sənətkarın oğlu Rüstəm Rüstəmov atasının ürəyinin dünən dayandığını deyib.
Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır. R. Rüstəmov deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə mərhum Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.