Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirdiyi müsabiqənin nəticələrini elan edib.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, magistraturaya qəbul olanların siyahısı iyulun 1-də saat 18:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib. Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər. Müsabiqənin nəticələrinə əsasən, 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.
APA