Dekabrın 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil
müəssisəsi ilə UNESCO arasında imzalanmış Anlaşma Memorandumunun
təqdimat mərasimi keçirilmişdir.
Qeyd olunmuşdur ki, UNESCO-nun bioetika üzrə əsas tədris kursu
sınaqlarının BDU-da keçirilməsi fikri ilk dəfə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu il Bakıda təşkil olunmuş
UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci toplantısında
səslənmişdir.
Bildirilmişdir ki, Memoranduma əsasən, BDU öz akademik proqramı
çərçivəsində UNESCO-nun bioetika üzrə əsas tədris kursunun sınağında
iştirak edəcək, bu təşkilat isə öz növbəsində, BDU-ya bu istiqamətdə
lazım olan hər cür köməyi göstərəcəkdir.
Həmin Memorandumun səmərəli şəkildə reallaşdırılması üçün Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutu ilə BDU
arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda ümumi maraqlara
əsaslanan elm və təhsil sahəsində əməkdaşlıqla yanaşı, bioetika və
tibbi hüquq sahəsi üzrə əməkdaşlığın təfərrüatı da əks olunmuşdur.
Sənəddə 2011-2014-cü illərdə bioetika fənninin tədris olunmasının
universitetin planına salınması nəzərdə tutulmuşdur.