Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır
3.7.2013

Bu gündən 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar bu gündən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.

APA