Azərbaycanlı məşhurlar “Fort Boyard”ı fəth edəcək
3.7.2013

Yeni mövsümdə ATV kanalında lisenziyalı məşhur “Ford Boyard” tele-şousuna start veriləcək.

Bu həftə Fransada Azərbaycan məşhurlarının iştirakı ilə start götürəcək tanınmış macəralı “Ford Boyard” tele-şousunun çəkilişləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATV telekanalı tərəfindən aparılacaq.

“Fort Boyard”ın Azərbaycandan olan ulduz iştirakçıları artıq Fransadadırlar. Layihə iştirakçıları arasında idmançılar Əli İsmayılov, Eduard Məmmədov, Zabit Səmədov, “Eurovision- 2011”in qalibləri Eldar Qasımov və Nigar Camal, müğənni Miri Yusif, televiziya aparıcıları İlkin Həsəni və Şəhriyar Əbilov, 106 FM radiostansiyasının direktoru Nurlan Cəfərov, “OK” jurnalının baş redaktoru Zəhra Bədəlbəyli və bir çox başqa yerli məşhurlar var.

“Fort Boyard” dünya şöhrətli tele-şoudur. Burada hadisələr Biskay körfəzində Primorskaya Şaranta sahillərindəki Boyard fortunda cərəyan edir. Proqramm ilk dəfə olaraq 1990-cı ildə Fransanın “Antenne 2” telekanalında nümayiş olunub. Proqramın çəkilişləri 19-cu əsrdə Fransa sahillərində, Eks və Oleron adaları arasında tikilmiş qalada aparılır.

İştirakçı komandalar fort xəzinəsini qazanmaq üçün müxtəlif fiziki və əqli sınaqlara məruz qalaraq açarları və bilməcələri tapmalıdırlar.

Bu beynəlxalq layihənin lisenziyalı versiyasının aparıcısı Zaur Baxşəliyev olacaq.

Gün.Az