Oktyabrda Sinqapurda Dünya Arxitekturası Festivalı keçiriləcək.
Festivalda 29 kateqoriya üzrə dünyanın 50 ölkəsindən 300-dən artıq layihə nümayiş olunacaq. Təqdim olunacaq dünya arxitekturasının şedevrləri arasında planetin ən məşhur arxitektorlarından Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinin layihəsi də var.
Qeyd edək ki, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.
Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Bina4nın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır. Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub. Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunub. Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.
APA