İyunun 29–dan iyulun 2-dək Serbiyanın Zlatibor şəhərində “Zlatibor-2013” ikinci Beynəlxalq idman filmləri festivalı keçirilmişdir.
Tədbirdə Serbiya Respublikasının mədəniyyət və informasiya naziri Bratislav Petkoviç, Rusiya Federasiyasının Serbiyadakı səfiri Aleksandr Çepurin, Zlatibor şəhər meriyasının rəhbərliyi, ölkənin tanınmış mədəniyyət xadimləri, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, dost ölkədə çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Serbiyadakı səfirliyindən bildirmişlər ki, festivalda 18 ölkədən müxtəlif filmlər nümayiş etdirilmişdir.
Münsiflər heyətinin qərarına əsasən Azərbaycan rejissoru Rafiq Quliyevin “Çövkən” filmi festivalın birinci mükafatına layiq görülmüşdür.
“Çövkən” filminin nümayişindən sonra mükafat və diplom Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşına təqdim edilmişdir.
Festival Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və ölkə mətbuatında geniş işıqlandırılmışdır.
AzərTAc