Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu vəfat edib
9.7.2013

Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu 90 yaşında dünyasını dəyişib.

Yazıçının oğlu Toğrul Abdullayevin APA-ya verdiyi məlumata görə, nasir dünən saat 22:30 radələrində dünyasını dəyişib: “İki gün əvvəl xəstəxanaya apardıq, israr elədi ki, evə qaytaraq. Sözünü yerə salmadıq, fikirləşdik ki, xəstəxanadakı şəraiti evdə də yarada bilərik. Son vaxtlar tamam zəifləmişdi. Ciddi xəstəliyi yox idi, ağrıları olmurdu, sadəcə yaş özünü göstərdi”.

T. Abdullayev bildirib ki, Yazıçılar Birliyinə məlumat verilib, yazıçı ilə vida mərasimi keçiriləcəyi yer dəqiqləşdirilir. “Yazıçılar Birliyindən dedilər ki, bir saata xəbər edəcəklər. Cənazə ya Teatr Xadimləri İttifaqından, ya da Mahnı Teatrından götürüləcək”.

Gülhüseyn Hüseynoğlu 1923-cü ilin oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub.

3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa olunub. Universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə çap olunub.

M. Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında YB nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. Otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.