Azərbaycanın xalq artisti, mərhum Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım aktyorun xatirəsinə həsr olunmuş, ölkədə ilk ev-muzey yaratmaq istəyir.
Yaşar Nurinin ölümü ilə hələ də barışa bilməyən Rəhimə xanım deyib: "Onsuz çox çətindir. Sentyabrın 3-də 62 yaşı olacaqdı. Onun xatirəsinə həsr olunmuş müxtəlif tədbirlərin, habelə professor, sənətşünaslıq elmləri doktoru İlham Rəhimlinin Yaşar barədə yazdığı kitabın təqdimatının keçirilməsini çox istərdim.
Yaşar kitabın ilk çapını ölümün iki ay əvvəl görmüşdü. İstanbul xəstəxanasında onun kitaba necə sevindiyini, hamıya göstərdiyini görərdiniz", - Rəhimə xanım söyləyib.
Rəhimə Nuriyeva arzusundan da bəhs edib.
"Onun ad gününü bağımızda keçirməyi arzulayırdım. Hətta səhnə də hazırlamış, ssenarii də yazmışdım. Yaşar açıq hava altında, ortada oturmalı, ən yaxın adamlar, dostlar və həmkarlar da onu təbrik etməliydilər.
Amma ağır xəstəlik arzumu puç etdi, - R.Nuriyeva söyləyib. - Bizdə məşhur mədəniyyət və incəsənət xadimlərinin çoxsaylı muzeyləri var. Amma bir aktyor muzeyi yoxdur. Mən də Yaşar Nurinin ev-muzeyini yaratmaq istəyirəm.
Muzeydə Yaşarın yaradıcılıq və şəxsi həyatı ilə balı video-foto materiallar, pərəstişkarlarının yazdıqları məktublar, habelə Yaşarın nə zamansa birgə çalışdığı tanınmış şəxslərlə bağlı materiallar da olacaq".
ANS PRESS