Şahrux Xanın 3-cü övladı dünyaya gəldi
12.7.2013

Bir qız və bir oğul atası olan dünya şöhrətli hind aktyoru Şahrux Xan 3-cü dəfə ata olub. Bollivud ulduzunun daha bir oğlu dünyaya gəlib. 47 yaşlı aktyorun həyat yoldaşı Qaurinin səhhəti hamiləliyə yol vermədiyi üçün, uşağı surroqat ana dünyaya gətirib.

Bu xəbər yayılan kimi məsələ ətrafında bəzi şayiələr də yayılmağa başlayıb. İddialara görə, Şahrux Xan bu dəfə də oğlan övladı arzulayırmış və buna görə də körpənin cinsiyyətini əvvəlcədən öyrənib. Doğuşdan əvvəl cinsiyyətin öyrənilməsi isə bu tədbirin qanunla qadağan olunduğu Hindistanda birmənalı qarşılanmayıb. Şahrux Xan isə bu iddiaları təkzib edib və ümmiyyətlə, doğulacaq körpəsi ilə bağlı açıqlama vermək fikrində olmadığını deyib.

"Bu, mənim uşağımdır. Və səmimiyyətlə sizə bir şey deyim: Bu, olduqca şəxsi, özəl bir məsələdir və hamıdan öz işi ilə məşğul olmağı xahiş edirəm. Belə bir məqamda bu cür şayiələrin yayılması adamda sevinc qarışıq bir kədər hissi də yaradır. Ona görə də ayrı-ayrı şəxslərdən və qurumlardan mənim körpəm ətrafında araşdırma aparmaq əvəzinə özlərinə fikir vermələrini xahiş edirəm. Vaxtı gələndə hamınızla hər şeyi bölüşəcəm. Öz uşağımdı, özüm istəyəndə də onun haqqında danışacam, amma indi yox." - deyə, Şahrux Xan bildirib.

Bollivud aktyoru sadəcə oğlunun sağlam doğulduğunu və artıq evə buraxıldığını, eləcə də körpənin surroqat ana tərəfindən dünyaya gətirilməsinin təfərrüatlarının məxfi saxlandığını deyib.