Bu gün Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayevin anadan olmasının 100 illiyidir.
M.Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib.
O, ilk təhsilini M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində alıb. Mirzə Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman - görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dən artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. O, "Limanda", "Saçlarına gül düzüm", "Uzaq yaşıl ada", "Kəpənək", "Bahar sənsiz", "Bir axşam", "Dayan, zaman", "Gəlmədi", "Kimlər gəldi, kimlər getdi", "Möcüzələr adası", "Naxçıvanım", "Çiçək kimi", "Tanqo", "Axı niyə danırsan?" kimi gözəl mahnıların ifaçısıdır.
M.Babayev Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı olub.
2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.
Milli.Az