İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.
Qəbələ şəhərində 24 iyul - 6 avqust tarixlərində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Mixail Qutman və başqaları iştirak edəcəklər.
Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, gənc solistlər, muğam ifaçıları və b. cıxış edəcəklər.
Festivalın təşkilatı dəstəyi Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur.
APA