Son bir ildə Azərbaycanda mobil telefon danışığı 22% ucuzlaşıb
18.7.2013

Son 5 il ərzində Azərbaycanda mobil rabitə sektoru üzrə gəlirlər 1,3 dəfə, abunəçi bazası isə 1,5 dəfə artıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, 2012-ci ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 14,1% artaraq 1 095,7 mln. ABŞ dollarına çatıb. Ölkənin İKT sektorunda mobil sahə təxminən 60%-lik xüsusi çəkiyə malikdir və dinamik inkişaf edir.

Azərbaycanın mobil rabitə sektorunda GSM standartında 3 operator fəaliyyət göstərir. Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir və bu, regionda 100%-lik ilk nəticədir.

Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110 ədəd təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən təxminən 15% çoxdur.

«Mobil rabitə sahəsində əldə olunan gəlirlər telekommunikasiya sektorunun 65,3%-ni təşkil edir. Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145,8 dolları təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108,0 ABŞ dolları təşkil edib», - deyə Nazirliyin məlumatında bildirilir.

Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12,8% artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22,2% azalıb.

APA