Nizami Kino Mərkəzində tanınmış kinorejissor, Xalq Artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ata yolu" filminin ilk təqdimatı keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri iştirak ediblər.
Filmdə eramızdan əvvəl IX əsrdə ölkəmizin ərazisində mövcud olmuş Manna dövlətindən başlayaraq müasir dövrümüzə qədər xalqımızın şanlı tarixinə qısa ekskurs edilib.
Sonra XX əsrdə müstəqillik qazanmış Azərbaycanın ictimai-siyasi mühitdən bəhs edilərək ölkəmizin bugünkü mövqeyinin bərqərar olmasında, siyasi, iqtisadi uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılıb.
Ekran əsərində ümummilli liderin başladığı yolun layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə qazanılan uğurları da əks olunub.
Filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev diqqətə çatdırıb ki, "Ata yolu" ekran əsəri Heydər Əliyevə həsr olunmuş on iki filmdən sonuncusudur: “Ulu öndərə söz vermişdim ki, on iki film olacaq və sözümə əməl etdim. Bu, mənim sənət borcum idi və onu yerinə yetirdim”.
APA