Azərbaycanda əmlakın qeydiyyatı son iki ildə rekord həddə çatıb
18.7.2013

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 81 min daşınmaz əmlak qeydiyyata alınıb. Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

R.Cəlilovun sözlərinə görə, 2008-ci ildə bu göstərici 120 min təşkil etdiyi halda, 2011-ci ildə 147 min, 2012-ci ildə 151 min olub. Bu ilin sonunadək bunun 160 mindən çox olacağı gözlənilir.

Komitə rəsmisi vurğulayıb ki, iqtisadiyyatı inkişaf edən ölkələrin daşınmaz əmlak qeydiyyatı inkişaf edir və bu, Azərbaycanda da mövcuddur: «Belə ki, son iki ildə Azərbaycanda rekord sayda əmlak qeydiyyatdan keçirilib. Dünya iqtisadiyyatının göstəricilərinə görə, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı dünyanın bu sahədə ən qabaqcıl 10 ölkəsi sırasına daxil olub».

R.Cəlilovun sözlərinə görə, hazırda respublikanın bütün ərazilərində daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri hazırlanır: «Ötən il Sumqayıt şəhərinin kadastr xəritələri hazırlanıb. Bir aydan sonra Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarının vahid kadastr bazasını hazırlayıb təqdim edəcəyik. Sonra, Bakının 5, həmçinin respublikanın 53 şəhər və rayonunun rəqəmsal kadastr xəritələrini hazırlamağı planlaşdırırıq».

ƏMDK rəsmisi prezidentin tapşırığına əsasən ölkədə vahid ünvan reyestrinin yaradılması istiqamətində işlərin aparıldığını vurğulayıb.

Komitə nümayəndəsinin sözlərinə görə, hazırda ƏMDK üzrə elektron arxivin yaradılması istiqamətində işlər aparılır. Torpaq islahatları ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olan məlumatlar ƏMDK-in vahid məlumat bazasına transfer edilir.

APA