Sabirabadlı fermerlər qarpız dərdi çəkir
18.7.2013

Sabirabad rayonunda bəzi fermerlər min bir əziyyətlə əkib-becərdikləri bostanın bəhrəsini belə görə bilmirlər. Çünki əksər fermerlərin qarpızları elə sahələrdə yanaraq məhv olub. Buna səbəb isə ötən aylarda yağan intensiv yağışlar göstərilir.

Sabirabadın Yasdıqobu kəndində yaşayan fermerlərin sözlərinə görə, uzun illərdir ki, qarpız əkdikləri ərazidə belə bir hadisə ilə rastlaşmayıblar. Onlar hər il bir hekdardan 35 ton qarpız aldığları halda, bu il 1hekdardan cəmi 3 ton məhsul ala biliblər. Hazırda qarpız sahələrində qarpızın kolları tamamilə yanıb və qarpız saralaraq məhv olub. Fermerlər deyirlər ki, hər il qarpız yığımı sentyabr ayına kimi davam edirdi. Bu il isə yığım iyul ayının əvvəlində artıq yekunlaşıb.

Qarpız sahələrinin bu vəziyyətə düşməsi qiymətlərdən də yan keçməyib. Ötən ilin bu vaxtı qarpız 10-12 qəpiyə satıldığı halda, indi bu qiymət 20-30 qəpik arasında dəyişir. Satıcıların fikrincə, qiymətin baha olmasına səbəb bu il sahələrdə qarpızın az əkilməsidir. Digər bir məsələ isə intensiv yağan yağışlardır ki, bu da qarpızın qiymətinə öz təsirini göstərib.

Onu da qeyd edək ki, satıcılar bəzi alıcıların qiymətin baha olduğundan narazı olduğunu desələr də, nədənsə kamera qarşısında bütün alıcılar qiymətdən razı qaldıqlarını bildirdilər.

Mod.Az