Apple və Samsung: mehriban düşmənlər
19.7.2013

Apple və Samsung şirkətləri bir-birinə qarşı qaldırdıqları məhkəmə iddialarına baxmayaraq öz biznes maraqlarına böyük önəm verirlər.

Belə ki, bu günlərdə şirkətlər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. 2015-ci ildən sonrakı dövrü əhatə edən sazişə əsasən Samsung ABŞ istehsalçısına 14 nanometrlik texnologiya bazasında yaradılan mikroprosessorlar tədarük edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, imzalanmış saziş, ilk növbədə, 2015-ci ilin ikinci rübündə buraxılacaq mobil telefonlar (iPhone 7) üçün mikroçiplərin tədarükünü nəzərdə tutur. Xatırladaq ki, bundan əvvəl Apple-ın Taiwan Semiconductors Manufacturing Company (TSMC) ilə şirkətin gələcək nəsil planşet və smartfonlarında tətbiq ediləcək A9 prosessorlarının istehsalına dair istehsal müqaviləsi imzalanması ilə bağlı məlumatlar yayılmışdı.

Ötən il Samsung artıq Apple və onun iOS əməliyyat sistemli qurğuları üçün eksklüziv çip tədarükçüsü rolunda çıxış edib. Bundan başqa, Samsung ABŞ istehsalçısının hazırkı iPhone 5 və iPad 4 Retina qurğuları üçün A6 və A6X çiplərini də yığır.

Apple həmçinin GlobalFoundries şirkəti ilə istehsal üzrə əməkdaşlıq variantlarını da nəzərdən keçirir.

Milli.Az