Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında Sərəncam imzalamışdır. İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən, kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.
Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etməli, kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirməlidirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdır.