Azərbaycan investorları Monteneqroda dəyəri 500 mln. avro olan dəbdəbəli kurort inşa edəcək. 25 hektar sahəsi olan kurort Boko-Kotor körfəzinin sahilində, Kumbor şəhərciyindəki köhnə kazarmaların yerində tikiləcək. Kurortda hotel və villalar, 70-dək mağaza, kafe və restoranlar, tennis mərkəzi, vertolyot meydançası, balıq bazarı, yaxta və balıqçı gəmiləri üçün kiçik limanlar yer alacaq.
Keçmiş hərbi obyektin 90 il müddətinə icarəyə verilməsi üzrə tenderi 2012-ci ildə “Triangle Investments and Development Ltd.” şirkəti ilə təmsil olunan Azərbaycan Dövlət Neft Şirkəti udub. Bundan sonra layihənin reallaşdırılması üçün Azərbaycan tərəfi “Azmont Investments” ASC-ni təsis edib.
Investorun təmsilçisi Qafar Qurbanov bildirib ki, ASC 8 il ərzində layihəyə 250 mln. avro sərmayə qoymalı idi. Lakin tikintini 28 ay ərzində başa çatdırmaq üçün məbləği 500 mln. avroya qaldırmaq qərara alınıb.
Yeni kompleks zəngin müştərilərə istiqamətlənmiş “One&Only” beynəlxalq kurortlar şəbəkəsinə daxil olacaq. Monteneqrodakı hotel bu şəbəkənin Avropadakı ilk hoteli olacaq. “One&Only” şəbəkəsinin sahibi, Cənubi Afrikadan olan milyarder Sol Kertsner jurnalistlərə açıqlamasında seçilmiş yerin “bizim ilk Avropa kurortu üçün ideal” olduğunu bildirib.
Məlumat üçün deyək ki, Qafar Qurbanov “ATA Holding”in Idarə Heyətinin sədridir. Elə sözügedən ərazini ARDNŞ alsa da, adada kurort kompleksinin inşası üçün müqaviləni “ATA Holdinq”in tərkibinə daxil olan “ATA Turizm” imzalayıb.
http://xalqxeber.az