Amerikalı Devid və Loren Bler dünyada ən çox “evlənmiş” ər-arvad kimi tanınmışdır. Bu nə deməkdir? “Daily Mail” nəşrinin verdiyi məlumata görə, məsələ bundadır ki, bu cütlük birgə həyat sürdükləri 30 il ərzində 106 dəfə “evlənmişdir”. Bu, planetdə yeganə ailədir.
Tennesi ştatından olan Devid və Loren 1982–ci ildə tanış olmuş, bir müddət görüşdükdən sonra evlənməyi qərara almışlar. Yeri gəlmişkən, onların evlənməsi dərhal baş tutmamışdır. Devid Bler ilk dəfə Lorenə evlənməyi təklif edəndə qız əvvəlcə “Hə” demiş, lakin sonra fikrini dəyişmişdir.
Loren yalnız öz rəfiqəsinin toyunda gəlinin atdığı gül dəstəsini tutandan sonra qərarını dəyişmişdir. O, sevgilisi ilə 1984-cü ildə ilk dəfə nikah bağlanmışdır. O vaxtdan bu ər-arvad nəinki bir-birindən ayrılmamış, üstəlik, mütəmadi olaraq bu təntənəli mərasimi təkrarlamışlar.
Son 30 ildə Blerlər ailəsi Londonda və Nyu-Yorkda, Şotlandiyada, Las-Veqasda, Elvis Preslinin doğulduğu yerdə, hətta “Romeo və Cülyetta” tamaşasında da toy etmişlər. Bu cütlük ildə bir neçə dəfə nikah mərasimi keçirir. Bundan ötrü onlara xüsusi bəhanə lazım deyil. Adətən onlar hər il Müqəddəs Valentin Günündə, Yanvarın 1-də səhər, Milad ərəfəsində və fevralın 29-da (dörd ildə bir dəfə) toy edirlər.
Blerlərin növbəti nikah mərasimi avqustun 4-ə təyin edilmişdir. Artıq yaşa dolmuş cütlüyün yaxın tanışları 107-ci dəfə “Səni mənə arvad edək, razısan?” sualına qəlbləri riqqətə gətirən “Hə, hə!” cavabını eşitmək şansını səbirsizliklə gözləyirlər.
Azərtac