Almaniya sakini lotereya ilə 41,5 milyon avro udmuşdur
22.7.2013

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin bir sakini “Avrocekpot” lotereyasında yeddi ədədin uğurlu kombinasiyasını tapmış yeganə iştirakçı kimi qalib gəlmiş və 41,5 milyon avro uduş qazanmışdır. Yerli KİV-lərin verdiyi məlumata görə, bu turajın qalibi hələlik uduşu almağa gəlməmişdir. Ola bilsin ki, onun hələ öz uğurundan xəbəri yoxdur.
“Avrocekpot” lotereyasının birinci tirajı 2012-ci ilin mart ayında keçirilmişdir. Bu lotereyada Almaniyadan başqa daha 13 ölkə iştirak edir: Danimarka, Estoniya, Finlandiya, İtaliya, Niderland, Sloveniya, İspaniya, Norveç, İsveç, İslandiya, Latviya, Litva və Xorvatiya.
Tirajda qalib gəlmək üçün oyunçular 1-dən 50-yə qədər beş ədədi və bundan əlavə, 1-dən 8-dək iki ədədi düzgün tapmalıdır. Daha populyar olan “Avromilyon” lotereyasında əlavə ədədlərin diapazonu 1-dən 11-dək dəyişdiyi üçün “Avrocekpot” iştirakçılarının qalib gəlmək şansı daha yüksəkdir.
Almaniya ərazisində lotereyada ən böyük uduş 2007-ci il dekabrın 5-də qeydə alınmışdır. Həmin uduşun məbləği 45,3 milyon avro idi, lakin bu məbləğ düzgün kombinasiyanı tapmış 3 AFR vətəndaşı arasında bərabər bölünmüşdü.

Azərtac