İyulun 20-də “Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA), “Vinni” kulinariya mağazaları şəbəkəsi və Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Şirniyyat Günü qeyd olunmuşdur.
AMKA-nın, “Vinni” kulinariya mağazalar şəbəkəsinin, “Azərsun Holdinq” Şirkətlər Qrupunun və “Azərçay”ın birgə layihəsi əsasında Bakının iki məkanında bayram tədbiri keçirilmişdir.
Assosiasiyanın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bu tədbirin “Şirin dünya, şirin həyat” devizi ilə keçirildiyini və bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu bayramın Milli Aerokosmik Agentliyin dəstəyi ilə təşkil olunduğunu söyləmişdir.
Bildirilmişdir ki, Beynəlxalq Şirniyyat Günü bayramı həm də kosmosa həsr olunmuşdur. Kosmosda həyat şirin və müharibədən uzaqdır. Hazırlanan bütün şirniyyatlar hər biri özündə bir çox məna daşıyır. Şəkərbura, kətə ayın, paxlava, qoğal günəşin rəmzidir, qurabiyələrimiz isə ulduzları xatırladır.
Tədbirdə “S0S” Uşaq Kəndinin və “Qızıldaş” uşaq evinin körpələri də dəvət olunmuşdur.
Sonda tədbirdə xüsusi fərqləndiklərinə görə “Vinni” kulinariya mağazalar şəbəkəsinin “Azərsun Holdinq” Şirkətlər Qrupunun və “Azərçay”ın əməkdaşlarına AMKA-nın diplomları təqdim olunmuşdur.
Azərtac