Amerikalı məmurlar “League of Legends” (“Əfasanələr liqası”) strateji oyunu üzrə komandaların bu ölkəyə gələn üzvlərinə adətən peşəkar idmançılar üçün nəzərdə tutulan xüsusi “atlet vizaları” verilməsini qərara almışlar. Kompyuter oyunları üzrə yarışların translyasiyasına tamaşa edənlərin sayı ilbəil artır.
Tezliklə P-1 “idman” kateqoriyasında birincilər sırasında viza veriləcək adamlardan biri “Əfsanələr liqası” oyunu üzrə Britaniyanın “Team Dignitas” komandasının (peşəkar multugeyminq təşkilatı) üzvü, 19 yaşlı kanadalı Alberto Renqifo olacaqdır. Komandanın menecerinin sözlərinə görə, məmurlar “kompyuter idmançısı”nın sifarişini yoxlamağa bir aydan artıq vaxt sərf etmişlər. Sonda onlar Renqifoya viza verməyə razılaşmışlar: “qoy bu gənc ABŞ-da keçirilən çempionatlarda iştirak edə bilsin, Amerikaya gəlməsinə rədd cavabı veriləcəyindən qorxmayıb, həm öz evində, həm də xaricdə məşq etsin”.
Bu məsələyə “Team Dignitas” komandasının menecerləri və hüquqşünasları ilə yanaşı, “Əfsanələr liqası” oyununu yaratmış “Riot Games” şirkətinin nümayəndələrini də cəlb etmişlər. Onların sözlərinə görə, hazırda oyunçuların dünyada sərbəst yerdəyişməsi məsələsi bu firmanın məşğul olduğu ən mühüm problemlərdən biridir.
“Virtual idmançılar”ın məvacibləri də peşəkar futbolçuların və ya basketbolçuların əmək haqqından çox fərqlənmir. “Əfsanələr liqası” oyunu ilə məşğul olan bəzi “idmançılar” ildə bir neçə milyon dollar qazanırlar.
Hazırda “Əfsanələr liqası” oyunu ilə məşğul olanların sayı 40 milyonu keçmişdir. Bu oyun üzrə iri çempionatlar Amerikanın və Avropa ölkələrinin bir sıra telekanalları ilə translyasiya edilir. Oyunun gedişini 10 minlərlə azarkeş izləyir.
Azərtac