“Jeep® Grand Cherokee 2014”: Dünyanın ən çox mükafat almış SUV-si Azərbaycanda təqdim olunub - FOTO
22.7.2013

Əfsanəvi “Jeep® Grand Cherokee”nin tarixində yeni mərhələ sayılan 2014-cü il modeli Bakıda təqdim olunub. “Fairmont” otelində keçirilən təqdimat mərasiminə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, media təmsilçiləri, “Chrysler” müştəriləri və “Avto Azərbaycan” şirkətinin partnyorlarından ibarət 300-dən artıq qonaq qatılıb. Yeni “Jeep”i qonaqlara “Chrysler” mərkəzin direktoru Vüqar Bayramov təqdim edib.

Premium SUV sinfində ən yaxşı yanacaq sərfiyyatı, əfsanəvi “Jeep” yolsuzluq qabiliyyəti, istifadəçi üçün rahat təkmilləşdirilmiş texnologiya, dünyaşöhrətli əl işləmələri ilə “Jeep® Grand Cherokee” 2014-cü il buraxılışı sələflərini xeyli geridə qoyub. “Limited”, “Overland”, “Summit” və “SRT8” modellərində təqdim olunan “Jeep® Grand Cherokee” 2014 lüks SUV həvəskarlarına daha çox seçim təklif edir.

Avtomobilə heyranlıq onun xarici görünüşündən başlayır. Eksteryerdə texnologiya ilə bağlı hər bir detal ən son yenilik nümunəsidir. Lyuk və panorama şüşə tavan, ön və arxa duman faraları, LED ön və stop faraları, ön və arxa park radarları, arxa görüntü kamerası, baqaj qapısının elektriklə salondan və məsafədən idarəsi, elektrik qatlanan, isidilən və tənzimlənən yan güzgülər, yağış sensorlu şüşəsilənlər, faraların yuyucusu, baqaj qapısında spoyler, adaptiv biksenon faralar… Bu sıranı işıq sensorlu avtomatik faralar, qarşıdan gələn avtomobillərin yaxınlaşması ilə faraları avtomatik yaxın və uzaq işıq rejiminə keçirən SMARTBEAM sistemi davam etdirərək yeni “Jeep”in möhtəşəmliyini daha da diqqətə çatdırır.

Avtomobilin interyeri lüksün son texnologiya ilə ifadəsidir və avtomobil sənayesində ƏN-lərdən sayılır. Müasir idarəetmə və nəzarət, multimedia sistemləri xalis dəridən və ağacdan sənətkarlıqla işlənmiş salonda bir araya gələrək hər bir detalın rahatlığı sevən insan üçün nəzərdə tutulduğundan xəbər verir. Hər bir “Grand Cherokee” modelinin unikal lüks stili və atmosferi var. Bu unikallığı rəng çalarları və işlədilmiş materiallar yaradır.

“Jeep® Grand Cherokee” 2014 sinfində ən çox – 63 təhlükəsizlik elementi ilə təchiz olunub. Bu elementlər içərisində mərhələli ön və yan pərdə tipli hava yastıqları, aktiv başaltılar, ABS - anti blok əyləc sistemi, ESC - kurs stabilliyi sistemi, Break Assist - ekstremal əyləcə yardım sistemi, Traction Control və Electronic Roll Mitigation (aşmaya qarşı sistem daxil), yağışlı havada əyləcə yardım sistemi, Cruise Control, teleskopik sükan gücləndiricisi, yoxuşda yerindən hərəkətə yardım sistemi, enişdə yardım sistemi kimi elementləri sadalamaq olar.

Əfsanəvi Jeep offroad qabiliyyəti üç 4X4 sistemi (Quadra-Trac I, Quadra-Trac II and Quadra-Drive II) ilə təmin olunur. Bu sistemlər istənilən yol və hava şəraitində avtomobili asanlıqla idarə etməyə imkan verir. “Grand Cherokee” sinfinin eksklüzivi olan pnevmatik asqı sistemi – “Quadra-Lift” və “Select-Terrain” dartı sistemi ilə təchiz edilib. Select-Terrain vasitəsilə sürücü transmissiya və asqının 5 (qar, qum,palçıq, daşlıq və avto) idarə rejimindən hər hansını seçərək, avtomobilin yolda və yolsuzluqda idarəsini tənzimləyə bilər.

Bir krossover üçün qənaətdən danışmaq nə qədər ağlasığmaz olsa da, “Jeep Grand Cherokee” təkcə dizel mühərrikində yox, yeni 8 pilləli transmissiyaya malik V-8 mühərrikində də silindr deaktivasiyası mexanizmi ilə yanacağa 10 faiz qənaət edir.

“Grand Cherokee 2014 Jeep-in premium SUV anlayışının yaradıcısı olduğunu bir daha sübut edir. Hazırda Azərbaycan bazarında 1000-ə yaxın Jeep Grand Cherokee var. Yeni modelin Jepp-in Azərbaycandakı uğuruna uğur qatacağına əminik” – deyə “Chrysler” Mərkəzinin direktoru Vüqar Bayramov bildirib.

“Jeep Grand Cherokee” indiyədək müxtəlif media və avtomobil qurumlarının təsis etdiyi 30-dan artıq nominasiyaya layiq görüldüyündən ən çox mükafatlandırılmış SUV hesab olunur.

APA