İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir - FOTO
23.7.2013

Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı vardır.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.

İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.

Dövlətimizin başçısı binada “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilmişdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir.

Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış oldu.

Binadakı mənzillərin hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur.

Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir. Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.

Sonda xatirə şəkli çəkdirildi.

http://president.az