Alimlər əl ilə toxunduqda işıqlanan “elektron dəri” yaratmışlar. Hər hansı əşyanın dövrəsinə dolamaq üçün kifayət qədər elastik olan bu materialdan divar kağızlarını əvəz edən interaktiv ekranlar yaradılmasında, yaxud nəbzi və qan təzyiqini ölçmək üçün sarğılar hazırlanmasında istifadə edilə bilər.
“Nature Materials” jurnalında dərc edilmiş məqalədə göstərilir ki, üç il bundan əvvəl Berklidəki (ABŞ) Kaliforniya Universitetinin alimləri Əli Caveyin rəhbərliyi ilə süni “elektron dəri” yaratmışlar. O vaxt mühəndislər güman edirdilər ki, bu materialdan robotlar və protezlər yaradılmasında istifadə edilə bilər. İndi onun tətbiq sahəsi genişlənmişdir. Məsələn, işıqlanan “elektron dəri”dən sensor ekranlı divar kağızları, yaxud insanın qan təzyiqinin və nəbzinin dəyişmələrini müşahidə etməyə imkan verən xüsusi sarğılar düzəltmək olar.
Eksperimental nümunələrin ayırdetmə qabiliyyəti 16x16 pikseldir. Dərini sıxan yerdə bu nümunələr işıqlanır. İşıqlanmanın parlaqlıq dərəcəsi materialı sıxma gücündən asılıdır.
Alimlər gələcəkdə temperatura və işığa həssas olan yeni elektron dəri yaratmağı planlaşdırırlar.
Cavey və onun həmkarları bu sahədə işləyən yeganə qrup deyildir. Məsələn, toxunmaya həssas “elektron dəri” yaratmaq üzərində Stenford Universitetinin bir qrup mühəndisi də işləyir, lakin onların yaratdığı “dəri” işıqlanmır.
AzərTac