Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib - FOTOSESSİYA
25.7.2013

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunun İslam dininə və milli mənəvi dəyərlərimizə yüksək ehtiramın əlaməti olduğunu söyləyib. Şeyxülislam qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mükəmməl siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. Şeyxülislam respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini dedi. Respublikamızda milli mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam Allahşükür Paşazadə qədim tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirdi və xalqımıza ən xoş arzularını çatdırıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı Katolik kilsəsinin baş keşişi Vladimir Fekete ölkəmizdə dövlət ilə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söylədilər, təbriklərini çatdırıblar.

Dövlət başçısı mərasimdə çıxış edib.

Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar mərasimini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirib. Azərbaycan Prezidenti ölkəmizdə dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib. Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev respublikamızın bütün sahələrdə uğurlu inkişafını davam etdirdiyini vurğulayıb. Bunu ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsi kimi qiymətləndirib. Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa töhfələrini əsirgəmədiyini vurğulayan dövlət başçısı dini ocaqların yenidən qurulmasının da daim dövlətin diqqət mərkəzində olduğunu bildirib.

Prezident İlham Əliyev bir sıra ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqa xələl gətirən bəzi hallara qarşı beynəlxalq səviyyədə qəti mövqe göstərməyin zəruriliyini vurğulayıb. Dövlət başçısı şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirib, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonra iftar süfrəsi açılıb.

APA