Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri turizm imkanları ilə maraqlanmışlar
7.7.2011

İyulun 6-da Belçika parlamentinin üzvü Filip Blanşarın başçılıq etdiyi Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mədəniyyət və Turizm Nazirliyində olmuşlar.
Nazir Əbülfəs Qarayev ilə görüşdə Belçika Krallığı və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılmış, qarşılıqlı mədəni təmasların daha da artırılmasının, əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanmışdır.
Nümayəndə heyətinin rəhbəri Filip Blanşar “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanın parlaq qələbəsi münasibətilə təbriklərini çatdırmış, ölkəmizin 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyinə əmin olduğunu söyləmişdir.
Qonaqlara Azərbaycan Turizm Assosiasiyasının və Turizm İnstitutunun fəaliyyəti barədə məlumat verən Əbülfəs Qarayev bu sahədə əməkdaşlıq, hər iki ölkədə infoturların reallaşdırılması, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin görülməsinin vacibliyini qeyd etmişdir. Bu məqsədlə Ə.Qarayev Belçikanın Valloniya vilayətinin turizm nazirini Azərbaycana dəvət etmişdir. Bundan əlavə, nazir Belçikada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il Bakıda keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində görmək istədiyini bildirmişdir.
Nazir Ə.Qarayev Qəbələdə keçirilən Beynəlxalq musiqi, Bakıda Beynəlxalq muğam, Beynəlxalq Rostropoviç, caz festivalları və digər genişmiqyaslı musiqi tədbirləri barədə müfəssəl məlumatları qonaqların nəzərinə çatdırmış və böyük məmnuniyyətlə Belçikadan olan musiqiçiləri və incəsənət xadimlərini bu festivallara dəvət etmişdir.