Hindistan astroloqları Kembric şahzadəsinin siyasi gələcəyi barədə irəlicədən məlumat vermişlər
26.7.2013

Hindistan astroloqları Rac Kumar Şarma və onun həmkarı Larra Şah Britaniya taxt-tacının yeni doğulmuş varisi şahzadə Corc Aleksandr Luinin ciddi siyasi fəaliyyətlə məşğul olacağını, radikal islahatlar keçirəcəyini və hətta Dumanlı Albionda prezident seçkilərində iştirak edəcəyini bildirirlər.
Yerli KİV-lərdə yayılan məlumata görə, hindistanlı öncəgörənlər əmindirlər ki, şahzadə C.A.Lui Britaniya monarxiyasının mövcud olduğu son 200 ildəki sələflərindən fərqli olaraq siyasətdə daha fəal rol oynayacaqdır.
R.K.Şarma demişdir: “Şahzadə 2044-cü ildən gec olmayaraq siyasi karyera quracaq və seçkilərdə iştirak edəcəkdir. Mən həmin dövrdə Böyük Britaniyada çox ciddi siyasi dəyişikliklər olacağını görürəm”.
Bütün dünyada siyasətçilərin və şou-biznes ulduzlarının müraciət etdikləri astroloqun fikrincə, “Taxt-tacın varisi həqiqi reformator və yüz il ərzində ilk dəfə Birləşmiş Krallıqda siyasi landşaftı əsaslı şəkildə dəyişdirəcək islahatların təşəbbüskarı olacaqdır”.
Mumbaidən olan öncəgörən Larra Şah isə jurnalistlərə demişdir: “Mən görürəm ki, şahzadə ya baş nazir, ya da prezident olacaq. O, prezident seçkilərində iştirak edəcək və bəlkə də bu seçkilərdə qalib gələcəkdir”.
Hər iki astroloq hesab edir ki, Keyt və Uilyamın oğlu Britaniya kral və kraliçalarının ölkəni təmsil etməkdən ibarət olan indiki rolu ilə razılaşmayacaq və gerçək siyasətə can atacaqdır.
Astroloqlar bunu şahzadənin hakimiyyətə və idarə etmək bacarığına cavabdeh olan Mars planetinin təsiri altında olması ilə əlaqələndirirlər.

Azərtac