IV qrup üzrə imtahan verəcək ən yaşlı abituriyent 54 yaşındadır
26.7.2013

İyulun 28-də 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, IV qrup üzrə imtahanlarda iştirak etmək üçün 11 793 abituriyent ərizə təqdim edib, onlardan 11 019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur.

M.Abbaszadə qeyd edib ki, abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir.

TQDK sədrinin sözlərinə görə, 6605 nəfər orta ümumi təhsil məktəblərinin builki məzunlarıdır, 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən şəxslərdir:

“Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 53 abituriyent xarici ölkələrin vətəndaşıdır. Bu vətəndaşlar ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 406 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzundur. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir”.


Gün.Az