Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar təqdimat keçirilib
22.12.2011

Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi təqdimat mərasimi keçirib.
Çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Sonra səhnəyə olimpiya çempionları Zemfira Meftahəddinova və Elnur Məmmədli, ikiqat paraolimpiya çempionu İlham Zəkiyev, eləcə də “Gələcək Olimpiya çempionları” adlandırılan uşaqlar çıxıblar.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında bəyan edib ki, Azərbaycan Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırdır.
Təşkilat Komitəsinin üzvləri “Bakı-2020”nin loqosunu təqdim ediblər. Loqosda “Biz birlikdə bacarırırq” sözləri qeyd olunub. Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin iştirakı ilə reklam roliki də təqdim edilib.