Tut ağacında qızılgül və xiyar yetişdirlir
29.7.2013

Masallı sakini Əkrəm Cabbarov tut ağacında müxtəlif növ meyvə, qızıl gül və xiyar yetişdirib.

39 yaşlı Əkrəm Cabbarov Masallının Xanəliyan kənd sakinidir. Tut ağacında onun yetişdirdiyi meyvə tərəvəz, qeyri - adi bacarığı görənlərin təccübünə səbəb olub.

Bağındakı 150 yaşlı tut ağacında 23 növ meyvə və xiyar yetişdirməyi bacarıb. Hazırda onun tut ağacında nar, üzüm, əncir, heyva, alca, armud, limon, yapon əzgili, findiq, şaftalı kimi 23 növ müxtəlif meyvələr görmək mümkündür.

Bağban meyvə ilə yanaşı ağacda 4 növ qızılgül də becərir. O bu işlə düz 11 ildir ki məşğuldur. Ağacların hamısı bar verir. Bu il məhsul azlığına baxmayaraq, o hər bir ağacdan 5 – 6 kq məhsul götürüb.

Həvəskar bağban hazırda bağında yeni bir uğura imza atmaq niyyətindədir. Növbəti il üçün o meyvə ağaclarını, gül növlərini və tərəvəzi artırmağı planlaşdırır.

Qeyd edək ki, Əkrəm Cabbarov 2-ci qrup Qarabağ müharibəsi əlilidir və döyüşlərdə “Tarzan - Kobra” ləqəbini qazanıb. 1992 - 1993-cü illərdə cəbhənin Çıldıran, Şınıx, Qubadlı bölgələrində düşmənlə ölüm - dirim mübarizəsində dəfələrlə mərdlik və şücaət göstərib. Bir neçə dəfə yaralanıb. Əlillik həyatı yaşayan Əkrəm məhəbbətini doğma torpağa, ağaclara, çiçəklərə salıb.

publika.az