Bakı Beynəlxalq Muğam Mərkəzində koreyalı ifaçıların konserti olub. Konsert Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Koreya Fondunun dəstəyi ilə təşkil olunub.
Konsert Azərbaycanın nəqliyyat nazirliyi və Koreyanın «SK C&C» şirkətinin Bakıda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması üzrə birgə layihəsinin başa çatmasına və Abşeronda su çatışmazlığı probleminin həll olunması üzrə yeni layihənin başlanmasına həsr olunub.
Koreyanın Azərbaycandakı səfiri Li Ci-Xa iki ölkənin fəal əməkdaşlığının davam edəcəyinə ümid etdiyini bildirib və qeyd edib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə səfirlik bir sıra mədəni tədbirlər təşkil edəcək.
Sonra çoxsaylı müsabiqələr laureatı pianoçu Hyucoo Linin ifasında Şubertin «C Majorda Piano Fantaziyası» və skripkaçı Jiyun Pakın ifasında «Caprice en Form de Valse» səslənib. Solist Minseoq Kim «Mahur» muğamını və «Arirang» Koreya milli mahnısını ifa edib.