Səudiyyə Ərəbistanında ilk dəfə metro tikiləcək
30.7.2013

Ər-Riyadda metro tikintisinə 22,5 milyard dollar xərclənəcək.

Bu barədə məlumatı yerli KİV-lər yayıb. Məlumata əsasən, Səudiyyə Ərəbistanı hökuməti ölkənin paytaxtı Ər-Riyadda ilk metropoliten şəbəkəsinin layihələşdirilməsi və tikintisi işlərinə 22,5 milyard dollar sərmayə qoyacaq.

Gözlənildiyinə görə, metropolitenin tikintisi işləri 2014-cü ilin birinci rübündə başlanacaq və 2019-cu ildə başa çatdırılacaq.

Layihəyə əsasən altı şaxədən ibarət metro xətlərinin ümumi uzunluğu 176 kilometr olacaq. Metropolitendə qatarlar maşinistsiz hərəkət edəcək.

Nəqliyyat sisteminin inkişafına yönəlmiş bu layihə hazırda tədqiqat mərhələsində olan ən iri layihəsidir.
Layihənin həyata keçirilməsi üçün bir neçə konsorsium təşkil edilib. Həmin konsorsiumlardan birincisinin başçısı - Amerikanın inşaat nəhəngi sayılan “Bechtel Corp” 9,45 milyard dollar dəyərində kontrakt üçün tenderin qalibi olub.

İkinci konsorsiumun rəhbəri İspaniyanın FCC şirkətidir. Bu konsorsiumun kontraktının dəyəri 7,82 milyard dollardır.

İtaliyanın “Ansaldo STS” şirkətinin başçılıq etdiyi konsorsium 5,21 milyard dollarlıq kontraktı həyata keçirəcək.

Gözlənildiyinə görə, bu layihə sayəsində ölkədə məşğulluq sarıdan vəziyyət sabitləşəcəkdir. Bundan əlavə, yeni layihə nəqliyyat probleminin həllinə və ekoloji vəziyyətin yaxşılaşmasına kömək edəcək.

Neftin qiymətinin iki ildən artıq müddətdə yüksək səviyyədə qalmasından bəhrələnən Səudiyyə Ərəbistanı ölkədə həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş infrastruktur layihələrinə milyardlarla dollar sərmayə qoymaq imkanına malikdir.

Vəsaitlərin xeyli hissəsi bütün ölkədə nəqliyyat sisteminin inkişafına yönəldilir. Bundan əlavə, belə layihələr iqtisadiyyatı şaxələndirməyə və neftin qiymətindən asılılığı azaltmağa imkan verir.

gun.az