Xalq artisti Cahangir Novruzovun doğum günüdür – Foto
31.7.2013

Bu gün xalq artisti, aktyor və rejissor Cahangir Novruzovun doğum günüdür.

Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub.

Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulub və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs deyib.

Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirib. Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakültəsinə daxil olub. SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib.

Diplom işini Musiqili Komediya Teatrının səhnəsində G.Xudayevin “Sevgilimin anası” operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.

1976-1977-ci illərdə əsgəri xidmətdə olub. Daha sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib.

Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub.

Eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A.Efrosun rəhbərliyi altında təcrübə keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A.Efrosa assistentlik edib.

1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub. Hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə aparıb. 1986-cı ildə Çexoslovakiyada keçirilən “Çeşskaya Buduyovutsa” gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib.

1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən “Bovinyi” teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib.

1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Musiqili Komediya Teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum ya Ölüm” tamaşası ilə birincilik mükafatı qazanıb.

1995-ci ildə Türkiyə Cümhuriyyətinə universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.


Gün.Az