Düşənbədəki “Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatı guşəsi yaradılacaqdır
16.8.2011

Düşənbədəki “Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasına dair razılıq əldə olunmuşdur. Bu haqda Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov məlumat vermişdir. Onun sözlərinə görə, BMM 2001-ci ildə yaradılmışdır və müntəzəm olaraq rəsm, fotosərgiləri, müxtəlif müsabiqələr, konsert, seminar, konfranslar keçirir, dil kursları təşkil edir.
Artıq burada İngiltərə, Almaniya, İran və Türkiyə ədəbiyyatı guşələri fəaliyyət göstərir. Bu günlərdə ölkəmizin Tacikistandakı səfirliyi BMM-ə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti ilə bağlı nəşrlər, Heydər Əliyev Fondunun nəşr etdiyi kitab və kitabçalar, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti ilə əlaqədar materiallar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ermənilərin işğalçılıq siyasətindən bəhs edən kitablar, səfirlik tərəfindən 2011-ci ildə Düşənbədə tacik, rus, ingilis dillərində çap olunmuş broşürlər vermişdir.
Nəşrlər arasında akademik Ramiz Mehdiyevin, professor Əli Həsənovun və digər müəlliflərin kitabları, şair və yazıçılarımızın əsərləri də vardır.