Azərbaycanın tanınmış rejissoru və operatoru, əməkdar incəsənət xadimi Ələkbər Muradov ötən gecə, 65 illik yubileyi günündə vəfat edib. Bu barədə rejissorun yaxın dostu Əli İsa Cabbarov məlumat verib.
İncəsənətimizə böyük itki üz verdiyini deyən Cabbarov bildirib ki, Ələkbər Muradov təkcə kinorejissor deyil, həm də kinooperator, rəssam, müəllim, yazıçı olub. Onun sözlərinə görə, mərhum rejissor kinematoqrafiyamızda silinməz iz buraxıb.
Cabbarov deyib: "Səmimi insan olan Ələkbər Muradov heç vaxt səhhətindən şikayətlənməyib. Ölümündən bir ay əvvəl studiyada görüşmüşdük. Həmin vaxt əhvalının xoş və sevincli olmasına rəğmən, Ələkbər Muradov söhbət zamanı bildirmişdi ki, qan xərçənginə yoluxub. Onun sözünü ciddiyə almadım, elə bildim ki, zarafat edir... Təəssüf ki, öz işinin peşəkarı olan nəsil bizdən ayrılır".
Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləyib.
Ələkbər Muradov təqribən 70 sənədli və bədii filmin müəllifidir. O, "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "O dünyadan salam", "Qorxma, mən səninləyəm", "Mənim ağ şəhərim" və digər filmlərdə kinooperator kimi çalışıb.
Allah rəhmət eləsin!
Milli.Az