Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda ilk dəfə keçirilən qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival başa çatmışdır.
Üç gün davam edən festivalda seçim turu əsasında 30 gənc iştirak etmişdir. Heykəltəraşlar və qraffitistlər bu müddətdə müəyyən edilmiş ərazidə və vaxt çərçivəsində işləmişlər.
Festivalın sonuncu günündə hər iki nominasiya üzrə qaliblər müəyyən edilərək mükafatlandırılmışlar.
Qum heykəltəraşlığı üzrə birinci yerə Fərəc Rəhmanov, ikinci yerə Nazim Məmmədov, üçüncü yerə Asif Cabbarov layiq görülmüşlər. Qraffiti nominasiyasında isə birinci yeri Rafael Ağazadə, ikinci yeri Mətanət Ağayeva, üçüncü yeri Murad Ələkbərzadə qazanmışdır.
Qaliblərə hədiyyə və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Layihənin məqsədi Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların aşkarlanıb üzə çıxarılması və onların tanıdılmasına şərait yaratmaqdır. Həmçinin onların digər tanınmış rəssam, professional heykəltəraş və yaradıcı insanlarla əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir. Layihənin rəhbəri İsmayıl İsmayılovdur.
AzərTAc