Xəbər verdiyimiz kimi, Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda arxeoloji qazıntılar davam etdirilir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov AzərTAc-a bildirmişdir ki, tədqiqatlar zamanı “Palıdlı” nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid daha üç skelet aşkar edilmişdir. Heç bir yerüstü əlamətə malik olmayan qəbirlərdə ölülər sol yanı üstə bükülü vəziyyətdə dəfn olunmuşdur.
Maraqlıdır ki, skeletlərin ikisi üst-üstədir. Bu cür dəfnə ilk dəfədir rast gəlinir. Skeletlərin ətrafında çoxlu sayda müxtəlif tip keramika nümunələri – küpə, nehrə, badya, camlar, iki dəmir xəncər, həmçinin bəzək əşyaları (qolbaqlar, sırğa, üzük və muncuqlar) aşkar edilmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən dulusçuluğun, metallurgiyanın inkişafını təsdiqləyir.
AzərTAc