Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra
istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak
etmişlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür
Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər
barədə məlumat verdi. Bildirildi ki, 2010-cu ildə dövlətimizin başçısı
müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı
ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam
imzalamışdır.
Qeyd edildi ki, Günbəzi göy rəngdə olduğuna görə xalq arasında “Göy
məscid” kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu
məscid 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov
tərəfindən tikilmişdir.
Məlumat verildi ki, məsciddə kişi və qadınlar üçün ayrı-ayrılıqda
dəstəmazxanalar tikilmişdir. Təmir-bərpa işlərindən sonra burada eyni
vaxtda üç minə yaxın mömin ibadət edəcəkdir. Ümumi sahəsi 4 min
kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahə
ayrılmışdır. Burada Mədinədəki Peyğəmbər məscidində olduğu kimi,
hərəkətli tavanlar quraşdırılmışdır.