V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı Qax rayonunda keçirilib. Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri tamaşaçılara zövqlü musiqi bəxş edib. Konsertdə qonaq qismində SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli, dünya səviyyəli tanınmış pianoçu Oksana Yablonskaya da iştirak ediblər.
Artıq 5 ildir ki, keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, hər il olduğu kimi bu il də çox yüksək səviyyədə təşkil olunub. Festival çərçivəsində Azərbaycana olan maraq beynəlxalq səviyyədə özünü göstərir.
Qəbələ ilə yanaşı, artıq iki ildir ki, Qax RİH-in dəvəti ilə festival çərçivəsində Qaxda da Kamera Orkestrinin konserti təşkil olunur. Xarici və milli musiqilərlə zəngin olan konsert rayon ictimaiyyətinin də marağına səbəb olur. Qax rayonunda keçirilən konsert proqramı sakinlərdə bayram əhval-ruhiyyəsi yaradıb.
Qaxda təşkil olunan konsertdə qonaq qismində iştirak edən SSRİ və Azərbaycanın xalq artisti, pianoçu Fərhad Bədəlbəyli ikinci ildir ki, artıq Qaxda konsert proqramı ilə iştirak etdiklərini bildirib. Pianoçu Qaxın öz füsunkar təbiəti ilə daim insanları özünə cəlb etdiyini söyləyib və Qaxın ildən-ilə inkişaf etdiyini vurğulayıb. İki saatdan artıq davam edən konsertdə Ernesto de Kurtisin "Sorentoya qayıt", Verdinin "Brindizi", Niyazinin "Arzu", F.Əmirovun "Nizami simfoniyası" kimi musiqilər Kamera Orkestrinin ifasında əsl bayram ab-havası yaradıb. Sonda isə Qax rayonundan olan qarmon ifaçısı Ceyhun Abdullayev və Kamera Orkestrinin birgə səsləndirdiyi xalq rəqsi olan "Uzundərə" yerli əhalidə xeyli marağa səbəb olub. Konsert proqramı alqışlarla yekunlaşıb.
Milli.Az