Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində şounun təşkili
üzrə işlər davam edir. “Eurovision-2012”-nin İşçi Qrupundan məlumata
görə, artıq şounun səhnəsinin və “green room”un (çıxışçıların gözləmə
otağı) konsepsiyanın bir neçə variantı hazırdır. “Eurovision Mahnı
Müsabiqəsi-2012” şousunun təşkilində rəsmi tərəfdaş olan Almaniyanın
“Brainpool GmbH” şirkəti ilə birgə hazırlanan konsepsiya həm səhnə
quruluşu, həm də texniki təchizatına görə öz möhtəşəmliyi ilə seçilir.
Hazırlanmış səhnə dizaynı bu günədək izlənilən “Eurovision” şoularından
tamamilə fərqlənir. Diqqət çəkən digər məqam odur ki, şouda indiyədək
tətbiq olunmayan müasir işıq və digər effektlərdən istifadə ediləcək.
Hazırda bu layihələr üzərində iş davam edir.
Bununla yanaşı, azərbaycanlı mütəxəssislər 2012-ci ilin mayında Bakıda
keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində şounun konsepsiyasını
hazırlayır. Bu konsepsiyada zəngin tarixə malik qədim Şərq ölkəsi
Azərbaycana məxsus elementlərin əks olunması nəzərdə tutulur.
APA