Kyotoda gecə çiçək açan güllərin sərgisi keçirilir.
Yaponiyanın keçmiş paytaxtında yalnız gecələr çiçək açan güllərin sərgisi keçirilir.
Kyoto Botanika Bağının əməkdaşları həmin gülləri tam qapalı otaqda yerləşdirərək gecə mühiti yaratmış və bununla da onları “aldadaraq” gündüzlər çiçək açmağa “məcbur ediblər”.
Sərgidə nümayiş etdirilən 20-dən artıq gülün əksəriyyti yerli sortlar olsa da, onların arasında xaricdən gətirilmiş çiçəklər də var. İlk dəfə təşkil edilən bu sərgi həm mətbuat, həm yerli sakinlər, həm də Kyotonun qonaqları tərəfindən xüsusi maraqla qarşılanıb.
Avqustun 2-də botanika bağının rəhbərliyi KİV-lərin nümayəndələrini sərgiyə dəvət edərək həmin çiçəkləri birinci olaraq məhz onlara nümayiş etdirib. Mətbuatın bu barədə yaydığı məlumatdan sonra botanika bağını ziyarət edənlərin sayı xeyli artıb.
Botanika bağının direktoru Naqasava Cuniçi müsahibəsində bildirib ki, ilk dəfə təşkil edilmiş sərginin uğuru onlar üçün də gözlənilməz olub.
Direktor deyib: “Doğrusu, bizim üçün də gecə güllərinin sərgisinin gündüz vaxtı təşkili ideyası çox maraqlı idi. Biz gecə güllərini bir otağa toplayaraq onları, necə deyərlər “aldatmağı” bacardıq.
Gördüyünüz kimi, onlar artıq gecələr deyil, gündüz çiçək açırlar. Siz özünüz də bunun şahidi oldunuz ki, çiçək həvəskarları bu qeyri-adi hadisəni canlı görmək üçün məmnuniyyətlə bizim bağı ziyarət edirlər”.
Direktor bildirib ki, gecə çiçəkləri ilə bərabər bağda Alp dağları çiçəklərinin də xüsusi sərgisi təşkil edilib. Bu çiçəklər də öz nadir gözəllikləri ilə bağı ziyarət edənlərin diqqətini cəlb edirlər. Onlar böyük maraqla Alp çiçəklərinə də tamaşa edir, onların şəkillərini çəkirlər.
Artıq uzun müddətdir ki, fəaliyyət göstərən Kyoto botanika bağı 1,5 hektar sahədə yerləşir və buradakı nadir bitkilər öz gözəlliyi ilə tamaşaçıları heyran edirlər.
Gün.Az