Bakıda dünya şöhrətli müğənni Müslüm Maqomayevin barelyefi açılmışdır
7.7.2011

İyulun 6-da zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin Bakıda vaxtilə yaşadığı binada (Fikrət Əmirov, 1) barelyefinin açılışı olmuşdur.
Dövlət rəsmilərinin, tanınmış incəsənət və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir sənətkarın ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başlanmış və elə bu ifa ilə də yekunlaşmışdır.
Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarovun hazırladığı barelyefin üzərindəki ağ örtük götürüldükdən sonra tədbirin iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. O, barelyefin açılışının bu günə təyin edilməsinin səbəbini açıqlayaraq demişdir ki, bu gün Müslüm Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskayanın ad günüdür. Bu barelyef Tamara xanıma bir hədiyyədir.
Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ecazkar səsi heç zaman qulaqlarımızdan getməyəcək və bu səs bizə hər zaman zövq verəcəkdir. Zəmanəmizin musiqi dünyasının ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Hər zaman Müslüm Maqomayevin səsinə vurğun olduğunu söyləyən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin demişdir ki, o, bizim üçün çox doğmadır. M.Maqomayev Azərbaycan və Rusiya dostluğunun simvollarındandır.
“Müslüm, evinə xoş gəlmisən” sözləri ilə unudulmaz dostunu “salamlayan” Xalq Artisti Eldar Quliyev M.Maqomayevin bənzərsiz bir ifaçı olmasını önə çəkmişdir.
Tədbirdə Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni Emin Ağalarov da iştirak etmişdir.