Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında IV muğam televiziya müsabiqəsi başlanıb.
Müsabiqənin ilk günü maraqlı ifalarla yadda qalıb. Əvvəlcə seçim turları nəticəsində Beynəlxalq Muğam Mərkəzində çıxış etmək hüququ qazanan 21 gəncdən 11-i tamaşaçılara təqdim olunub. Sonra "Muğam” instrumental ansamblının müşayiəti ilə xanəndələr öz məharətlərini göstəriblər.
Bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə almış, onlardan isə 21-i Bakı səhnəsində ifa etmək hüququ qazanmışdır. Artıq bir ənənəyə çevrilən və dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti də həmişə olduğu kimi peşəkarlardan ibarətdi.
Maraqlı ifalarla yadda qalan müsabiqənin birinci günündə gənc xanəndələrin ifasında "Sona bülbüllər”, "Küçələrə su səpmişəm”, "Şuşanın dağları” və digər xalq mahnıları, eləcə də təsniflər tamaşaçılara təqdim olunub.
Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı sənətsevərlərin görüşünə gələcəkdir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.
ANN.Az