Britaniya alimləri insanın ömrünə nə qədər qaldığını müəyyən etməyi bacaran cihaz hazırlayıblar. Qola taxılan saata oxşayan cihaza "ölüm indikatoru" adı verilib. O, orqanizmin qədər sürətlə qocaldığını müəyyən edir.
Lankaster Universitetinin mütəxəssislərinin yaratdıqları qurğu ağrısız lazer şüalanmasının köməyi ilə kapilyarlardakı endotel hüceyrələrin vəziyyətini öyrənir və qocalmanın sürətini hesablayır. Testin nəticələrini 0-dan 100-dək rəqəmlər göstərir. Minimum nəticələr insanın artıq öldüyünü, maksimum nəticə isə sağlamlığın optimal vəziyyətini göstərir.
"Mirror" qəzeti yazır ki, "ölüm indikatoru"nun köməyi ilə ağıl zəifliyi və xərçəng kimi xəstəliklərə diaqnoz qoymaq mümkündür. Qurğunu yaradan fiziklər Aneta Stefanovska və Piter Makklintokun sözlərinə görə, testin nəticələri mütəmadi olaraq məlumat bazasarına köçürüləcək.
Stefanovska deyib: "Onu yoxlamaqla orqanizmin ehtiyatlarını maksimum dəqiqliklə müəyyən etmək mümkün olacaq. Biz, sözün həqiqi mənasında, insanın nə qədər ömrü qaldığını söyləyə biləcəyik". Qurğunun yaradıcıları artıq üç ildən sonra həkimlərin ondan istifadə edəcəklərinə ümid etdiklərini bildiriblər.
Trend