Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın qısa müddət ərzində tutulacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, havanın temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun 31-36, dağlarda 22-27 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, həftənin ikinci yarısında ölkə ərazisində temperatur rejiminin yüksələcəyi, maksimal temperaturun aran rayonlarında 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında isə 35-38 dərəcə isti olacaq. Gözlənilən anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında günün altında qalmaq məsləhət deyil.
Avqustun 15-dək respublikanın ərazisində isti, aran rayonlarda isə çox isti və yağıntısız hava şəraiti gözlənilir. Belə temperatur rejimi aran rayonlarda pambıq bitkilərinin inkişafı, xüsusilə onlarda qozaların formalaşması, süfrə üzüm növlərinin yetişməsi və digər növlərdə şəkərliliyin artması, çoxillik otların boy atması üçün əlverişli olacaq.
Bilavasitə Naxçıvan Muxtar Respublikası, Mərkəzi-Aran və Lənkəran-Astara bölgəsinin aran rayonlarında gündüz vaxtı havanın temperaturunun artması sadalanan rayonlarda əlavə və dolğun suvarmaların aparılmasına ehtiyac yaradacaq.
Gözlənilən əsasən yağıntısız hava şəraiti bağlarda meyvələrin və üzümün bağlarında süfrə üzümünün, bostanlarda tərəvəzin yığımı, çoxillik otların biçini və becərmə işlərin aparılması üçün əlverişli olacaq. Yalnız Böyük və Kiçik Qafqazın bəzi dağlıq və dağətəyi rayonlarında arabir qısamüddətli yağış yağacağı gözlənilir.
Gün.Az